GÜLÜSTAN MÜQAVİLƏSİ
Qadir Allah Naminə
İMPERATOR ƏLAHƏZRƏTLƏRİ, Bütün Rusiyanın Ən Şöhrətli və ƏZƏMƏTLİ BÖYÜK
HÖKMDARI və İMPERATORU və İran Dövlətinin Sahibi, hökmdarı ƏLAHƏZRƏTLƏRİ
Padşahın ÖZ təbəələrinə yüksək hökmdar məhəbbətinə görə, ONLARIN
ürəklərinə zidd olan müharibənin fəlakətlərinə son qoymağı və qədimdən
Bütün Rusiya İMPERİYASI və İran Dövləti arasında mövcud olmuş səbatlı
sülh və xeyirxah qonşu dostluğunu möhkəm əsas üzərində bərpa etməyi
səmimi qəlbdən, qarşılıqlı surətdə arzulayaraq bu ədaləti və nicatverici
iş üçün aşağıdakıları öz səlahiyyətli Müvəkkilləri təyin etməyi faydalı
bilmişlər:
ƏLAHƏZRƏT Bütün Rusiya
İmperatoru - ÖZ General-leytenantı, Gürcüstandakı və Qafqaz xəttindəki
qoşunların Baş komandanı, Həştərxan və Qafqaz quberniyalarında,
Gürcüstanda Mülki hissə, həmçinin bu ölkənin bütün sərhəd işləri üzrə
Baş Müdiri, Xəzər hərbi Donanmasının Komandanı, Müqəddəs Aleksandr
Nevski, birinci Müqəddəs Anna, dördüncü dərəcəli Müqəddəs Əzabkeş və
Qalibiyyətli Georgi ordenləri, habelə üzərində igidliyə görə yazısı olan
qızıl qılıncla təltif edilmiş zati-aliləri Nikolay Rtişşevi, Əlahəzrət
İran şahı isə - özünün, Türkiyə və İngiltərə Saraylarında fövqaladə
elçisi olmuş, İran Rəisləri arasında seçilmiş, öz padşahından
brilyantlarla bəzədilmiş xəncər və qılıncdan, şal paltardan və
brilyantlarla zinnətləndirilmiş at bəzəkləri dəstindən ibarət
fərqləndirici lütf görmüş, öz Padşahının ən yaxın Məmuru, Ali İran
Sarayının Gizli İşlər Müşaviri, Vəzir nəslinə mənsub olan, İran
Sarayında ikinci dərəcəli Xan, Yüksəkrütbəli və Çoxhörmətli Mirzə Həsən
Xanı: bu səbəbdən də BİZ, yuxarıda adları çəkilmiş səlahiyyətli
Müvəkkillər Qarabağ mülkündə, Zeyvə çayı yaxınlığındakı Gülüstan
kəndində toplaşaraq, vəkalətnamələrimizi bir-birimizə təqdim etdikdən
sonra, hər birimizə öz tərəfindən bizim BÖYÜK HÖKMDARLARIMIZ adından
bərqərar edəcəyimiz sülh və dostluğa aid olan hər bir şeyi nəzərdən
keçirib, bizə verilmiş hakimiyyət və Ali səlahiyyətlərə görə aşağıdakı
maddələri qərara aldıq və əbədiyyət üçün təsdiq etdik.
BİRİNCİ MADDƏ
İndiyədək Rusiya İmperiyası və İran Dövləti arasında mövcud olmuş
düşmənçilik və narazılığa həmin Müqavilə ilə bu gündən etibarən və
gələcəkdə son qoyulur və qoy İMPERATOR ƏLAHƏZRƏTLƏRİ Bütün Rusiya
hökmdarı ilə Əlahəzrət İran şahı, onların vəliəhdləri, Taxtlarının
Varisləri və ONLARIN, qarşılıqlı surətdə, Ali Dövlətləri arasında əbədi
sülh, dostluq və xeyirxah razılıq olsun.
İKNCİ MADDƏ
Bir halda ki, hər iki Ali Dövlət arasında ilkin əlaqələr vasitəsilə
(……………) yəni hər bir tərəfin hazırda tam malik olduğu torpaqlara,
xanlıqlara, mülklərə sahib qalması əsasında sülhün bərqərar edilməsi
artıq qarşılıqlı surətdə razılaşdırılmışdır, onda indiki zamandan
etibarən və gələcəkdə Bütün Rusiya İmperiyası və İran Dövləti arasında
sərhəd aşağıdakı xətt olsun: Adınabazar adlanan yerdən başlayaraq, düz
xətlə Muğan düzü, Araz çayındakı Yeddibulaq keçidinədək, oradan da üzü
yuxarı Kəpənək çayının Arazla qovuşduğu yerə, sonra da Kəpənək çayının
sağ tərəfi ilə Mehri dağları silsiləsinə və oradan da xətti Qarabağ və
Naxçıvan xanlıqlarının mərzləri ilə davam etdirərərək, Alagöz dağları
silsiləsi ilə Qarabağ, Naxçıvan, İrəvan xanlıqlarının və Yelizavetpol
dairəsinin (keçmiş Gəncə xanlığının) bir hissəsinin mərzləri birləşən
Dərələyəz mərzinədək, buradan İrəvan xanlığını Yelizavetpol dairəsindən,
həmçinin Qazax və Şəmşəddin torpaqlarından ayıran mərzlə Eşşəkmeydan
mərzinə, oradan da dağlar silsiləsi ilə, çayın sağ tərəfi ilə, onun
axarı istiqamətində, həmzəçimən yolu ilə, Pəmbək dağları silsiləsi ilə
Şuragöl mərzi ilə, dağlar silsiləsi ilə, Mastaras və Artikin arası ilə
Arpaçayadək. Bununla belə, Talış mülkü müharibə vaxtı əldən-ələ
keçdiyinə görə, həmin Xanlığın Zinzeley və Ərdəbil tərəfdən olan
sərhədləri, daha artıq dürüstlük üçün, hər iki tərəfdən qarşılıqlı
razılıqla seçilmiş Komissarlar (onlar Baş komandanlarının rəhbərliyi ilə
indiyədək hər bir tərəfin həqiqi hakimiyyəti altında olmuş torpaqların,
kəndlərin, dərələrin, həmçinqin çayların, dağların, göllərin, təbii
mərzlərin dəqiq və təfsilatlı təsvirini verəcəklər) tərəfindən, bu
Müqavilə bağlanıb təsdiq olunduqdan sonra müəyyən ediləcək, onda (………….)
əsasında Talış xanlığının sərhəd xətti elə müəyyənləşdiriləcək ki, hər
bir tərəf malik olduğu torpaqların sahibi qalsın. Eləcə də, yuxarıda
xatırlanmış sərhədlərdə, bu və ya başqa tərəfin xəttindən kənara nə isə
çıxarsa, hər iki Ali Dövlətin Komissarlarının təhlilindən sonra hər bir
tərəf ( …………..) əsasında təminat verəcək.
ÜÇÜNCÜ MADDƏ
Şah Əlahəzrətləri ƏLAHƏZRƏT bütün Rusiya İMPERATORUNA səmimi dostluq
hislərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də İran
Taxtının Ali Vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı
altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan,
Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının
hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər
Dağıstan, Gürcüstan (Şuragölə əyaləti ilə birlikdə) İmperiya, Quriya,
Minqreliya və Abxaziya, eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd
Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və
xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya
İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir.
DÖRDÜNCÜ MADDƏ
ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU ƏLAHƏZRƏT İran Şahına ÖZ qarşılıqlı
dostluq hisslərini ifadə etmək və İranda - ONA qonşu olan bu Dövlətdə,
möhkəm əsas üzərində mütləqiyyət və hökmran hakimiyyət görmək arzusunu
səmimi qəlbdən təsdiq etmək üçün, bununla, ÖZ adından və ÖZ Vəliəhdləri
adından İran Şahı tərəfindən İran Dövlətinin Varisi təyin ediləcək
Vəliəhdə, lazım gəldikdə, kömək göstərməyi vəd edir ki, heç bir xarici
düşmən İran Dövlətinin işinə qarışa bilməsin və Ali Rusiya Sarayının
köməyi ilə İran Sarayı möhkəmlənsin. Bununla belə, əgər İran Dövləti
işləri üzrə Şah oğulları arasında münaqişələr baş verərsə, Rusiya
İmperiyası hakimiyyətdə olan Şah xahiş etməyincə bunlara qarışmayacaq.
BEŞİNCİ MADDƏ
Rus ticarət gəmilərinə əvvəlki qayda üzrə Xəzər sahilləri yaxınlığında
üzmək və onları yan almaq hüququ verilir; həm də gəmi qəzası zamanı
iranlılar tərəfindən dostluq köməyi edilməlidir. İran ticarət gəmilərinə
də həmin bu hüquq - əvvəlki qayda üzrə Xəzər dənizində üzmək və Rusiya
sahillərinə yan almaq ixtiyarı verilir, burada da gəmi qəzası zamanı,
qarşılıqlı surətdə, iranlılara hər cür yardım göstəriməlidir. Hərbi
gəmilərə gəldikdə isə, müharibədən əvvəl, habelə sülh vaxtı və həmişə
Rusiya hərbi bayrağı Xəzər dənizində tək mövcud olmuşdur. Həmin ehtiram
daxilində, əvvəlki ixtiyar indi də yalnız Rusiya Dövlətinə verilir ki,
ondan başqa heç bir Dövlətin hərbi Bayrağı Xəzər dənizində ola bilməz.
ALTINCI MADDƏ
Hər iki tərəfdən döyüşdə əsir alınmışları, Xristian dininə və s. dinlərə
mənsub ələ keçirilmiş sakinləri Müqavilə bağlanıb imzalandıqdan sonra,
üç ay ərzində, hər bir tərəfdən Qarakilsəyədək (burada sərhəd rəisləri
əsirləri qəbul etmək üçün öz aralarında qarşılıqlı əlaqə yaradırlar)
azuqə və yol xərcləri ilə təmin edilərək, buraxılsınlar. Özbaşına, yaxud
qanunu pozaraq, qaçanlardan hər birinə, milliyətindən asılı olmayaraq,
öz könüllü istəyinə görə öz Vətəninə qayıtmaq azadlığı verilir, qayıtmaq
istəməyənlər isə məcbur edilməsin. Bununla bərabər hər iki tərəfdən
qaçmışlara amnistiya, yaxud bağışlanma verilir.
YEDDİNCİ MADDƏ
Bütün yuxarıda deyilənlərə əlavə olaraq ƏLAHƏZRƏT Bütün Rusiya
İMPERATORU və Əlahəzrət İran Şahı buyururlar ki, lazım olduqda,
Əlahəzrətlərin İqamətgahlarına göndərilən, ONLARIN Ali Saraylarının
qarşılıqlı Nazirlər və ya Elçiləri rütbələrinə və onlara tapşırılmış
işlərin mühümlüyünə müvafiq qəbul olunsunlar; şəhərlərdə ticarətə
himayəçilik üçün təyin olunmuş Müvəkkillərin və ya Konsulların on
nəfərdən artıq məiyyəti olmasın, onlar vəkil edilmiş məmurlar kimi
vəzifələrinə layiq hörmət və şərəfə malik olmalıdırlar, həmçinin,
Əmrnaməyə əsasən, bundan sonra onları nəinki incitmək olmaz, hətta
inciklik olarsa, təqdim edildikdən sonra, hər iki tərəfin təbəələrini
ədalətlə mühakimə etmək, incidilmişləri mürbətlə razı salmaq gərəkdir.
SƏKKİZİNCİ MADDƏ
Əlahəzrətlərin, öz hökumətlərindən, yaxud hökumətləri tərəfindən təyin
edilmiş sərhəd rəislərindən alınmış, onların həqiqətən tacirlər, Rusiya
və ya İran təbəələri olduğunu təsdiq edən yazılı sənədlərə malik
təbəələri arasındakı ticarət əlaqələrinə gəldikdə, saziş bağlayan hər
iki Ali Dövlətə quru yolla və dənizlə sərbəst gəlməyə, orada kim nə
qədər istəyirsə yaşamağa, tacirlər göndərməyə, həmçinin heç cür
ləngidilmədən oradan çıxıb getməyə, Rusiya İmperiyasına mənsub olan
yerlərdən İran Dövlətinə gətirilən və qarşılıqlı olaraq, İrandan ora
aparılan malların satılmasına və başqa mallarla dəyişdirilməsinə icazə
veriləcək. Hər iki Ali Dövlətin tacirləri arasında baş verə biləcək
mübahisələrə, onların vəzifələri və s. ilə əlaqədar şikayətlərinə adi
qayda üzrə baxılması Konsula, yaxud Müvəkkilə, onlar olmadıqda isə yerli
Rəisə həvalə edilir. Onlar xahişlərə tam ədalətlə baxmalı, özləri haqq
təminatı verməli, yaxud bunu başqa lazımi şəxslərin vasitəsilə tələb
etməli və onların incidilməsinə və sıxışdırılmasına qətiyyən yol
verməməlidirlər.
İrana gəlmiş, Rusiya
təbəəliyindən olan tacirlər, istəsələr, oradan öz malları ilə birlikdə
İranla dostluq edən başqa dövlətlərə də sərbəst gedəcəklər; bundan ötrü
İran Hökuməti bu tacirlərin sərbəst keçməsi üçün onları lazımi
pasportlarla təmin edəcəkdir; buna ticarət işləri ilə əlaqədar Rusiyadan
Rusiya ilə dostluq edən başqa dövlətlərə getmək istəyən İran tacirləri
üçün də qarşılıqlı surətdə, riayət ediləcəkdir.
İrana gəlmiş Rusiya
təbələrindən kimlərinsə ölüm hadisəsi baş verərsə, onların
müxəlləfatları, həmçinin başqa daşla və mülkləri, dost Dövlətin
təbəələrinə məxsus olduğu üçün, ilk növbədə, saxlanılmadan və xəlvəti
mənimsənilmədən, Rusiya İmperiyasında və bütün mədəni Dövlətlərdə icra
edildiyi kimi, kimin hansı Dövlətə, mənsubiyyətindən asılı olmayaraq,
qanuni əsasdan, qəbzlə, onların yoldaşlarına yaxud qohumlarına
verilməli, həmin qohumlara öz arzuları ilə və öz xeyirləri üçün bu
əmlakları istədikləri adamlara satmağa icazə verilməlidir.
DOQQUZUNCU MADDƏ
Rus tacirlərindən İran şəhərlərinə və ya limanlarına gətirdikləri
mallara görə yüzə beş faizdən çox gömrük alınmasın və həmin tacirlər bu
mallar ilə hara gedirlərsə getsinlər, onlardan ikinci dəfə gömrük tələb
olunmasın, oradan apardıqları İran mallarına görə də eyni gömrük
alınsın, bundan başqa heç bir bəhanə və uydurma ilə heç bir rüsum,
vergi, gömrük tələb edilməsin. İran təbəələrinin Rusiya şəhərlərinə və
limanlarına gətirdikləri və buradan ixrac etdikləri mallara görə və
qarşılıqlı surətdə eyni gömrüklər, eyni əsasda bir dəfə alınsın.
ONUNCU MADDƏ
Malları Müqavilə bağlamış hər iki Dövlətin sahillərinə və ya
limanlarına, yaxud da quru yolla sərhəd şəhərlərinə gətirdikdən sonra,
qarşılıqlı surətdə, tacirlərə, nəzarəti altında olduqları gömrük
hakimlərindən və ya iltizamçılardan icazə almadan öz mallarını satmaq,
başqa malları satın, yaxud dəyişmə yolları ilə almaq azadlığı verilir
ki, ticarət maneəsiz dövriyyədə olsun həmçinin satıcıdan və alıcıdan
dövlət xəzinəsi üçün müntəzəm olaraq və könüllülük şərti ilə qanuni
rüsumlar yığılsın.
ON BİRİNCİ MADDƏ
Bu müqavilə imzalandıqdan
sonra hər iki Ali Dövlətin müvəkkilləri, qarşılıqlı surətdə və təxirə
salınmadan bütün yerlərə onun haqqında lazımı xəbər və hər yerdə hərbi
əməliyyatların dərhal dayandırılması barəsində əmrlər göndərsinlər.
İki bərabərhüquqlu nüsxədə
(fars dilinə tərcüməsi ilə birlikdə) yazılmış və saziş bağlayan Ali
tərəflərin yuxarıda göstərilmiş Müvəkkilləri tərəfindən imzalanaraq,
onların möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı surətdə dəyişdirilmiş
bu əbədi sülh Müqaviləsi ƏLAHƏZRƏT Bütün Rusiya İMPERATORU və Əlahəzrət
İran Şahı tərəfindən bərqərar ediləcək və Əlahəzrətlərin öz əlləri ilə
imzalanmış təntənəli Ratifikasiyalarla təsdiq olunacaqdır.
Bu Müqavilənin həmin təsdiq
olunmuş nüsxələri bu Ali Saraylardan, qarşılıqlı surətdə göndərilməklə
onların yuxarıda adları çəkilmiş Müvəkkillərinə üç ay müddətindən sonra
çadırılacaq.
Müqavilə min səkkiz yüz on
üçüncü il oktyabr ayının on ikinci günü. İran hesablaması ilə min ikiyüz
iyirmi səkkizinci il Şəvval ayının iyirmi doqquzuncu günü Qarabağ
mülkündə Zeyvə çayı yaxınlığındakı Gülüstan kəndində Rus ordugahında
bağlanmışdır.
İMZALAMIŞLAR:
Müvəkkil və Gürcüstanda Baş
Komandan Nikolay Rtişşev
(M : Y:)
Alişöhrətli İran
Dövlətindən Müvəkkil Mirzə Əbül Həsən Xan
(M : Y:)