
Dövlət
Tarix
İqtisadiyyat
Təhsil
İdman
Turizm
Film
Musiqi
Qəzetlər
Radiyolar
Televizyonlar
Uşaqlar
Münasibətlər
Ana
Səhifə |
|
Azərbaycan tarixi xəritələri
|
Tarixi Sənədlər
|
Ən qədim dövr
AZƏRBAYCANIN İLK SAKİNLƏRİ
İlk
ibtidai insanların meydana gəlməsi, inkişaf etməsi və formalaşması
tarixinin öyrənilməsi arxeologiya elminin ən əsas vəzifələrindən biridir.
Arxeologiya elmi insanlığın uzaq keçmişini maddi mədəniyyət qalıqları
vasitəsilə öyrənir.
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı
ilk sakinlərin məskunlaşmasına aid zəngin maddi mədəniyyət nümunələri
aşkar olunmuş və bunun nəticəsində respublikamızın ərazisinin insanın
formalaşdığı məskənlər siyahısına daxil olunmasına zəmin yaratmışdır.
Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il
bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və
paleontoloji materiallar tapılmışdır.
Son 50 ildə Azərbaycan Respublikası ərazisində aparılan kompleks
tədqiqatlar nəticəsində qədim insanın meydana gəlməsi, formalaşması və
inkişaf etməsi tarixini tədqiq etmək üçün zəngin elmi materiallar və maddi
mədəniyyət nümunələri aşkar olunmuşdur. Tapılmış elmi materiallar əsasında
Azərbaycanın uzaq keçmişinin tarixi, insanlığın ilkin inkişaf mərhələləri
və ulu sakinlərin maddi mədəniyyət qalıqlarının xüsusiyyətləri öyrənilir
və tədqiq olunur.
Son illərdə Azərbaycan alimlərinin Avropa alimləri ilə birlikdə apardığı
elmi tədqiqatlar nəticəsində Azərbaycan ərazisində ibtidai insanların 2
milyon il bundan əvvəl yaşamağa başlamaları sübuta yetirilmişdir. Halbuki,
1950-ci illərin əvvəllərinə qədər respublikamızın ərazisində qədim insan
düşərgələrinin olmadığı və burada ibtidai adamların yaşamadıqları
göstərilirdi. Lakin son illərdə Azərbaycan alimlərinin apardıqları
arxeoloji tədqiqatlar bu fikrin yanlış və əsassız olduğunu göstərdi,
respublikamızın ərazisinin qədim insanın yarandığı və formalaşdığı
ərazilərdən biri olduğu elmi materiallarla sübuta yetirildi. Eyni zamanda
Azərbaycan ərazisində sivilizasiyanın özünəməxsus xüsusiyyətləri olması
müəyyən olunmuşdur.
Azərbaycanın Qarabağ ərazisində aparılan kompleks tədqiqatlar nəticəsində
paleolit dövrünə aid zəngin düşərgələr qeydə alınmış və elmi tədqiqat
işləri aparılmışdır.
Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki,
Azərbaycanın ən qədim sakinlərinin əmək alətlərini hazırlaması və onların
sonrakı inkişafı üçün minilliklər lazım olmuşdur. Tədqiqatlar göstərir ki,
ibtidai insanlar paleolit dövründə əsasən təbii karst mağaralarında, çay
kənarlarında, qaya sığınacaqlarında və yaşamaq üçün əlverişli olan
yerlərdə məskən salıb yaşamışlar.
Respublikamızın ərazisində paleolit dövrünə aid aparılan tədqiqat işləri
nəticəsində daş dövrünün ayrı-ayrı mərhələlərinə aid zəngin arxeoloji
düşərgələr Qarabağ ərazisində müəyyən olunmuşdur. 1960-cı ilin yay
mövsümündə Qarabağın Quruçay və Köndələnçay vadilərində Azərbaycan Elmlər
Akademiyası Tarix İnstitutunun Paleolit arxeoloji ekspedisiyası
M.M.Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji kəşfiyyat işləri
zamanı Azıx və Tağlar mağara düşərgələrini qeydə almışdır
Aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Qarabağın dağlıq
ərazisində karst mağaraları mövcuddur. Lakin hələlik bu diyarda ən zəngin
maddi mədəniyyət nümunələrinə malik arxeoloji tapıntılar Azıx və Tağlar
mağaralarında qeydə alınmışdır.
Çoxtəbəqəli Azıx paleolit düşərgəsi Qarabağın ən mənzərəli güşəsində
Quruçayın sol sahilində, dəniz səviyyəsindən 900 metr yüksəklikdə, Füzuli
şəhərinin 16 kilometrliyində olub, Tuğ çökəkliyində yerləşir.
Azərbaycan Respublikası ərazisində aparılan elmi tədqiqatlar nəticəsində
respublikamızın ərazisində nəinki ibtidai insanların yaşaması isbat
olunmuş, eyni zamanda bu diyarda ən qədim sakinlərin uzun müddət məskən
salıb formalaşması və Azərbaycan ərazisinin qədim sivilizasiya
məskənlərindən biri olması elmi əsaslarla sübuta yetirilmişdir. Bu
baxımdan Qarabağ ərazisində aparılmış kompleks elmi tədqiqat işlərinin
mühüm elmi əhəmiyyəti vardır.
Azərbaycanın
Araz, Quruçay, Arpaçay, Tərtərçay, Viləşçay, Zuvandçay və digər
vadilərində aşkar olunuş Olduvay, Aşel, Mustye, Orinyak, Solyutre, Madlen,
Azil, Mezolit, Neolit, Kür-Araz və Boyalı qablar mədəniyyətinin maddi
mədəniyyət nümunələri haqqında zəngin arxeoloji materialllar tapılmışdır.
Respublikamızın ərazisində tapılan qədim insan düşərgələrindən aşkar
olunmuş maddi mədəniyyət qalıqları əsasında burada ibtidai insanların
mağara həyatından, əmək alətləri hazırlanmasından, ovçuluq
təsərrüfatından, ilkin odla tanışlıqdan, ibtidai tikili yerlərindən, qaya
rəsmlərindən və Qarabağın qədim tarixindən xəbər verir. Eyni zamanda
dünyanın ən qədim insan məskənlərinin və ilk sakinlərin bu ərazi və
düşərgələrdə yaşayıb formalaşma mərhələləri, həmçinin ən qədim tariximiz
maddi mənbələr əsasında şərh edir.
Azərbaycanın ilk sakinlərinin düşərgələrində aparılan kompleks elmi
tədqiqatlar nəticəsində respublikamızın ərazisində nəinki ibtidai
insanların yaşaması isbat olunmuş, eyni zamanda bu diyarda ən qədim
insanların uzun müddət məskən salıb formalaşması elmi faktlarla sübuta
yetirilmişdir.
|