TÜRKMƏNÇAY MÜQAVİLƏSİ
I MADDƏ
Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında,
onların vərəsələri və taxt-tacın varisləri, onların dövlətləri və
qarşılıqlı surətdə təbəələri arasında bundan sonra əbədi sülh, dostluq
və tam razılıq olacaqdır.
II MADDƏ
Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hörmətlə
qəbul edirlər ki, razılığa gələn yüksək tərəflər arasında baş vermiş və
indi xoşbəxtlikdən qurtarmış müharibə ilə Gülüstan traktatının qüvvəsi
üzrə qarşılıqlı təəhhüdlər də başa çatmışdır; onlar göstərilən Gülüstan
traktatını Rusiya və İran arasında yaxın və uzaq gələcəyə sülh və
dostluq münasibətləri qurmalı və təsdiq etməli olan indiki şərtlər və
qərarlarla əvəz etməyi zəruri hesab etdilər.
III MADDƏ
İran şahı həzrətləri öz adından və öz vərəsələri və varisləri
adından Arazın o tayı və bu tayı üzrə Erivan xanlığını və Naxçıvan
xanlığını Rusiya İmperiyasının tam mülkiyyətinə güzəştə gedir. Şah
həzrətləri bu güzəşt nəticəsində, hazırki müqavilənin imzalanmasından
sayılmaqla altı aydan gec olmayaraq, yuxarıda adları çəkilən hər iki
xanların idarə edilməsinə aid olan bütün arxivləri və ictimai sənədləri
Rusiya rəisliyinə verməyi vəd edir.
IV MADDƏ
Müqaviləyə qoşulan yüksək tərəflərin razılığı ilə hər iki dövlət
arasında sərhədlər aşağıdakı hüdudda qərara alınır:
sərhəd xətti Türkiyə
torpaqlarının ucundakı kiçik Araratın zirvəsindən aralıda düz
istiqamətdə ən yaxın nöqtədən başlayaraq o dağların zirvəsindən keçir;
buradan maillik üzrə Araratın cənub tərəfindən axan Aşağı Qarasu çayının
yuxarılarına düşür, sonra sərhəd xətti o çayın axarı üzrə Şərur
qarşısında onun Araza töküldüyü yerədək davam edir; bu məntəqədən
Abbasabad qalasınadək Araz çayının yatağı üzrə gedir; burada qalanın
Arazın sağ sahilində yerləşən xarici istehkamları yanında yarım ağac,
yəni 3 1 / 2 Rusiya versti enində bütün istiqamətlərdə dövrə
haşiyələnəcək və o ətrafda olan torpaq sahəsi büsbütün məhz Rusiyaya
məxsus olacaqdır və bu gündən sayılmaqla iki ay ərzində ən yüksək
dəqiqliklə ayrılacaqdır. Sərhəd xətti o yerdən, göstərilən dövrənin şərq
tərəfdən Arazın sahilinə birləşdiyi yerdən başlayaraq bir daha o çayın
yatağı ilə Yeddibulaq bərəsinədək gedir; burada İran torpaqları Araz
çayının yatağı üzrə üç ağaca, yəni 21 Rusiya versti uzanacaqdır: sonra
sərhəd Muğan düzü vasitəsilə Bolqarçayadək, iki kiçicik Adınabazar və
Sarıqamış çaylarının birləşməsində üç ağac yəni 21 rus versti aşağıda
olan torpaqlara gedir; sərhəd buradan Bolqarçayın sol sahili ilə yuxarı;
adları çəkilən kiçik Adınabazar və Sarıqamış çaylarının birləşməsinədək,
sonra Şərqi Adınabazar çayının sağ sahili üzrə onun yuxarılarınadək
davam edir, buradan isə Cikoir yüksəkliyinin zirvəsinədək elə davam edir
ki, o yüksəklikdən Xəzər dənizinə tökülən bütün sular Rusiyaya məxsus
olacaqdır, İran tərəfə axan bütün sular isə İrana məxsus olacaqdır.
Burada iki dövlət arasındakı sərhəd dağ zirvələrilə müəyyən edilir;
qərarlaşdırılmışdır ki, onların Xəzər dənizinə doğru enişi Rusiyaya
məxsus olmalıdır, o biri yandakı enişi isə İrana məxsusdur. Sərhəd
Cikoir yüksəkliyi zirvəsindən, Talışı Ərş dairəsindən ayıran dağlar üzrə
Qəmərkühüm zirvəsinədək keçir. Suların axarını iki yerə bölən dağların
başı, yuxarıda Adınabazarın yuxarı axarı və Cikoir zirvəsi arasındakı
sahə haqqında deyilən kimi, burada da eləcə sərhəd hüdudunu təşkil
edəcəkdir. Sonra sərhəd xətti suların axarına aid yuxarıda şərh olunan
qaydalara aramsız əməl etməklə Qəmərkuhun zirvəsindən Züvand və Ərş
dairələrini ayıran dağ silsiləsi üzrə Velgic dairəsinin sərhədlərinədək
uzanacaqdır. Beləliklə, adı çəkilən dağın zirvəsindən əks tərəfdə
yerləşən hissəsi istisna olmaqla Züvand dairəsi Rusiyaya birləşir. Hər
iki dövlət arasındakı sərhəd xətti su axınının yuxarıda qeyd olunan
qaydalarına daima uyğun olaraq, Velkic dairəsi sərhəddindən Kloputanın
zirvəsi və Velkic dairəsindəki dağların baş silsiləsi üzrə Astara
çayının şimal mənbəyinədək, buradan o çayın yatağı boyu onun Xəzər
dənizinə töküldüyü yerədək davam edəcək ki, burada da Rusiya
torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti qurtarır.
V MADDƏ
İran şahı həzrətləri bütün Rusiya imperatoru həzrətlərinə öz səmimi
dostluğuna sübut olaraq, bu maddə ilə həm öz vərəsələri və İran
taxt-tacının varisləri adından, yuxarıda göstərilən sərhəd xətti
arasında və Qafqaz sıra dağları və Xəzər dənizi arasında yerləşən bütün
torpaqların və bütün adaların, bununla bərabər həmin məmləkətlərdə
yaşayan bütün köçəri və başqa xalqların əbədi zamanədək Rusiya
imperiyasına məxsus olduğunu təntənə ilə tanıyır.
VI MADDƏ
İran şahı həzrətləri hər iki dövlət arasında baş vermiş müharibə ilə
Rusiya imperiyasına vurulmuş xeyli ziyana, həmçinin Rusiya təbəələrinin
düçar olduğu qurbanlara və itkiyə hörmət əlaməti olaraq, onların əvəzini
pul təzminatı ilə ödəməyi öhdəsinə götürür. Müqaviləyə qoşulan hər iki
yüksək tərəf o mükafatın məbləğini on kurur tümən raicə və ya iyirmi
milyon gümüş manat qərarlaşdırmışdır, onun vaxtı, ödəniş qaydası və
təminatı sözbəsöz hazırkı traktata daxil edilə biləcək qüvvəyə malik
olan xüsusi müqavilədə qərarlaşdırılmışdır.
VII MADDƏ
İran şahı həzrətləri öz əlahəzrət oğlu şahzadə Abbas Mirzənin öz
vərəsəsi və taxt-tacın varisi təyin etmək iltifatında bulunan kimi,
Bütün Rusiya imperatoru həzrətləri öz dostluq münasibətlərini və bu
varislik qaydasının təsdiqinə kömək etmək arzusunu açıq-aşkar sübut
etməkdən ötrü bundan sonra şahzadə Abbas Mirzə həzrətlərinin simasında
İran taxt-tacının vərəsəsi və varisini, onun taxta çıxmasından sonra isə
onu o dövlətin qanuni hökmdarı hesab etməyi öhdəsinə götürür.
VIII MADDƏ
Rusiyanın ticarət gəmiləri, əvvəlki qayda üzrə, Xəzər dənizində və onun
sahilləri boyunca azad üzmək və bununla bərabər onlara yaxınlaşmaq
hüququna malikdir; gəmi qəzası hallarında İranda onlara hər cür kömək
edilməlidir. Bu üsulla İran ticarət gəmilərində də Xəzər dənizində
əvvəlki qayda ilə üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir
ki, orada gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür kömək
göstərilməlidir. Hərbi gəmilərə gəldikdə isə, qədimdə olduğu kimi,
yalnız Rusiya hərbi bayrağı altında olan hərbi gəmilər Xəzər dənizində
üzə bilərlər; bu səbəbdən də əvvvəlki müstəsna hüquq indi də onlara
verilir və təsdiq edilir ki, Rusiyadan başqa heç bir dövlətin Xəzər
dənizində hərbi gəmiləri ola bilməz.
IX MADDƏ
Bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri hər vasitə
ilə onlar arasında bu qədər xoşbəxtliklə bərpa olunmuş sülh və dostluğu
bərqərar etməyi arzulayaraq, müvəqqəti tapşırıqların icrası və ya daimi
qalmaq üçün bu və ya o biri dövlətə göndərilən yüksək sarayların
(hökumətlərin) səfirlərinin, nazirlərinin və işlər müvəkillərinin,
onların dərəcəsinə, razılığa gələn yüksək tərəflərin şərəfinə, onları
birləşdirən səmimi dostluğa və yerli adətlərə uyğun olaraq, ehtiramla və
(hər birinin) ayrılıqda qəbul edilməsini qarşılıqlı surətdə rəva
bilirlər. Xüsusi protokol ilə bu və ya o biri tərəfin əməl etməsi üçün
bu məzmunda mərasim qərarlaşdırılacaqdır.
X MADDƏ
Bütün Rusiya həzrətləri və İran şahı həzrətləri hər iki dövlət arasında
ticarət əlaqələrinin bərpa olunmasını və genişlənməsini sülhün bərqərar
olmasının ən başlıca xeyirxah nəticələrindən biri saydıqları üçün, tam
qarşılıqlı razılıq əsasında hökm verdilər ki, ticarətə hakimlik
edilməsinə və qarşılıqlı surətdə təbəələrin təhlükəsizliyinə aid olan
bütün sərəncamlar səadətlə yoluna qoyulsun və onlar onu qarşılıqlı
surətdə müvəkkillər tərəfindən bağlanacaq bu sülh müqaviləsinin eyni
güclü hissəsi sayılmalı olan və ona əlavə edilən ayrıca Akt ilə izah
etsinlər. İran şahı həzrətləri, qabaqlar olduğu kimi, Rusiyaya ticarətin
xeyrinə tələb olunan hər yerə konsullar və ticarət agentləri təyin etmək
hüququ verir və öhdəsinə götürür ki, hər ikisinin məiyyəti on nəfərdən
çox olmayacaq konsul və agentlərə hamilik göstərsin ki, onlar öz
rütbələrinə verilmiş şan-şövkət və üstünlüklərdən istifadə etsinlər.
Bütün Rusiya imperatoru həzrətləri öz tərəfindən İran şahı həzrətlərinin
konsul və ya ticarət agentlərinə münasibətdə buna tam müvafiq əməl
edilməsinə vəd verir. İran hökumətinin Rusiya agentinə və ya konsuluna
əsaslı şikayəti olarsa, Rusiya naziri (səfiri) və ya onun şah həzrətləri
sarayı yanında işlər müvəkkili, ya da onların bilavasitə rəisi öz
mülahizəsinə əsasən günahkarı vəzifəsindən uzaqlaşdıra və onu müvəqqəti
olaraq digər şəxsə həvalə edə bilər.
XI MADDƏ
Qarşılıqlı surətdə təbəələrin bütün tələbləri və müharibə ilə
dayandırılmış başqa işlər sülh bağlandıqdan sonra ədalətlə bərpa
olunacaq və həll ediləcəkdir. Qarşılıqlı surətdə təbəələrin öz
aralarında bu və ya o biri hökumətin xəzinəsinə müqavilə təəhhüdləri
dərhal və tamamilə təmin edilməlidir.
XII MADDƏ
Barışığa gələn yüksək tərəflər təbəələrin xeyri üçün özlərinin ümumi
razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır: onlardan Arazın hər
iki tərəfində tərpənməz əmlaka malik olanlarına üç il vaxt verilməlidir
ki, onlar bu müddət ərzində onu azad surətdə satsınlar və dəyişsinlər.
Lakin bütün Rusiya imperatoru həzrətləri ona aid olduğuna görə, keçmiş
İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş Naxçıvan
hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir.
XIII MADDƏ
Axırıncı və ya bundan qabaqkı müharibənin gedişində əsir alınmış hər iki
tərəfin bütün hərbi əsirləri, bununla bərabər hər iki hökumətin nə
vaxtsa əsir düşmüş təbəələri qarşılıqlı surətdə azad edilməli və dörd ay
ərzində qaytarılmalıdır; onlar həyati azuqə və digər tələbatlarla təmin
edilməli və onları qəbul etmək və sonrakı yaşayış yerinə yollamağa
sərəncam vermək üçün hər iki tərəfdən ayrılmış komissarlara verməkdən
ötrü Abbasabada göndərilməlidirlər. Razılığa gələn yüksək tərəflər hər
iki tərəfdən əsir düşmüş, lakin olduqları yerin uzaqlığına və ya başqa
bir səbəbə və ya vəziyyətə görə göstərilən müddətə qaytarıla bilməyəcək
bütün hərbi əsirlərə, habelə Rusiya və İran təbəələrinə də bu yolla
yanaşacaqlar. Hər iki dövlət belələrinin hər bir vaxt tələb edilməsində
özünə dəqiq və qeyri-məhdud hüquq verir və öhdəsinə götürür ki, onlar
aşkar edildikdə və ya onlar haqqında tələblər alındıqda qarşılıqlı
surətdə onları (bir-birinə) qaytarsınlar.
XIV MADDƏ
Razılığa gələn yüksək tərəflərdən heç biri axırıncı müharibənin
başlanmasınadək və ya o vaxtı digərinin təbəəliyinə keçmiş olan
satqınların və fərarilərin verilmısini tələb etməyəcəkdir. İran hökuməti
bu qaçqınlardan bəzilərinin və onların köhnə həmvətənlərinin və ya
hakimiyyəti altında olanların arasında qərəzli əlaqələrdən qarşılıqlı
surətdə baş verə biləcək zərərli nəticələrin qarşısını almaq üçün,
öhdəsinə götürür ki, indi və ya sonralar Rusiya hökumətinin adbaad
göstərdiyi adamların Arazla Çara çayının, Urmiya gölünün, Cakatu çayının
və Qızıl Üzən çayının Xəzər dənizinə töküldüyü yer arasında yaratdığı
hüduddakı öz torpaqlarında olmasını qadağan edəcəkdir. Bütün Rusiya
imperatoru həzrətləri öz tərəfindən İran qaçqınlarının Qarabağ və
Naxçıvan xanlıqlarında və İrəvan xanlığının Araz çayının sağ sahilində
yerləşən hissəsində yurd salmasına və ya yaşamasına (hər hansı) bir
qərarda icazə verməyəcəyini vəd edir. Lakin özlüyündə aydındır ki, ancaq
rəsmi rütbə daşıyan və ya müəyyən ləyaqət sahibi olan adamlara: şəxsi
nümunələri, nəsihət və gizli əlaqələri ilə keçmişdə onların idarəsində
və ya hakimiyyəti altında olan əvvəlki həmvətənlərinə zərərli təsir
göstərə bilən xan, bəy və dini rəislər və ya mollalara qarşı bu şərtin
gücü var və olacaqdır. Ümumiyyətlə, hər iki dövlətin sakinlərinə
gəldikdə isə, razılığa gələn yüksək tərəflər qərara alır ki, hər iki
tərəfin bir dövlətdən o birinə keçmiş və ya bundan sonra keçəcək
təbəələri onların keçdiyi hökumətin icazə verdiyi hər yerdə yurd sala və
yaşaya bilər.
XV MADDƏ
Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən
hazırki müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə
törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi
xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan
vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta
edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs
öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən
vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə
görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu
gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya
sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan
onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və
vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il
vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə, onun satılması və ya onun
haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin
bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası
düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.
XVI MADDƏ
Müvəkkillər bu sülh müqaviləsi imzalandıqdan sonra, qarşılıqlı surətdə
təxirə salınmadan təcili olaraq, hərbi əməliyyatların kəsilməsi haqqında
bütün yerlərə xəbər və lazımı fərman göndərməlidir. Eyni məzmunda iki
nüsxədə tərtib edilmiş, hər iki tərəfin müvəkkilləri tərəfindən
imzalanmış, onların gerbli möhürləri ilə təsdiq edilmiş və qarşılıqlı
olaraq bir-birinə verilmiş bu sülh müqaviləsi bütün Rusiya imperatoru
həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifaksiya
edilməli və onların imzaladığı ratifikasiya mətnləri təntənəli şəkildə
hər iki tərəfin müvvəkilləri tərəfincdən dörd ay ərzində və ya mümkün
olduqca daha tez dəyişdirilməlidir. Fevral ayının 10-da İsanın anadan
olmasının 1828-ci ilində Türkmənçay kəndində bağlanmışdır.
Əslinə qol çəkmişlər: İvan
Paskoviç, A. Obrezkov.