
Dövlət
Tarix
Film
Qəzetlər
Radiyolar
Televizyonlar
Uşaqlar
Münasibətlər
Ana
Səhifə
|
|
Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ
qədim daş dövründən (paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır.
Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində (neolit) Azərbaycan
əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət
sahələri ilə məşğul olmağa başlamışdır. Azərbaycan ərazisindəki
mədəni-iqtisadi tərəqqinin təsir dairəsi getdikcə genişlənməkdə idi. E.ə.
IV minilliyin sonu - III minillikdə təşəkkül etmiş Kür-Araz mədəniyyəti
Cənubi Qafqazın digər regionlarına, Şərqi Anadoluya və Şimali Qafqaza da
yayılmışdı.
Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri,
xüsusilə taxıl qalıqları, əkinçiliklə bağlı əmək alətləri və məişət
avadanlığı, müxtəlif növ sənətkarlıq məhsulları Azərbaycan xalqının
dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri olduğunu
göstərir.
Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə
malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən 5 min illik
dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları
və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III
minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Burada
meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi
tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat
vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer,
Akkard və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti
arasında sıx qarşılıqlı əlaqələr vardı.
Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını
xarici təcavüzlərdən uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi
olan Qutilər, hətta, özlərinin qüdrətli qonşuları olan Akkard dövlətini
məğlub etmiş, öz dövlətlərinin sərhədlərini İran körfəzinə qədər
genişləndirmiş, bu ərazidə yüz ilə qədər bir müddət ərzində hökmranlıq
etmişdilər. Onlar özlərindən asılı hala saldıqları Akkard və Şumerin
dövlət idarəçiliyi qaydalarından faydanlandıqları kimi qədim Azərbaycanın
mütərəqqi idarəçilik mədəniyyətini də həmin ölkələrə yaymışdılar.
Urmiya ətrafından başlayaraq, zaman-zaman Dəclə və Fərat vadiləri də daxil
olmaqla, İran körfəzinə qədərki ərazilərdə ağalıq edən qədim Azərbaycan
dövlət qurumları Lullubi və Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə
qədim Şərq dövlətçiliyinin tarixində də dərin iz qoymuşlar.
Qonşuluqdakı digər qədim Şərq dövlətlərindən fərqli olaraq qutilərdə
hökmdarların seçilməsi qaydası vardı. Hakimiyyət irsi keçmirdi. Quti
hökmdarları məmləkəti öz canişinləri vasitəsilə idarə edirdilər.
Canişinlər idarəçilik sahəsində geniş müstəqilliyə malik idilər. Görünür,
bütün bunlar qədim Azərbaycan dövlətlərinin Dəclə və Fərat vadiləri də
daxil olmaqla İran körfəzinə qədərki geniş ərazilərdə uzun müddət
hökmranlıq etmələrində az rol oynamamışdı.
Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş,
ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni
dövlətlər yaranmışdır.
Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində
Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahlığı, Atropatena və
Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər
Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində,
ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü
prosesində mühüm rol oynamışlar.
Ənənəvi Azərbaycan dövlətçiliyinin davamı olan və eramızdan əvvəl I
minilliyin əvvəllərində meydana gələn Manna dövləti Azərbaycanın
dövlətçilik taixində mühüm mərhələ oldu. Azərbaycanın ən qədim dövlətçilik
məkanı olan Urmiya hövzəsində yaranmış bu dövlət təkcə qədimliyinə görə
deyil, təkamül dərəcəsinə görə də dünyanın dövlətçilik mədəniyyəti
tarixində mühüm yer tutur.
Urmiya hövzəsindəki bütün digər xırda yerli dövlətləri də öz hakimiyyəti
altında birləşdirən Manna şimalda - Araz çayına (bəzən də ondan şimala
doğru) və şimal-şərqdə - Xəzər dənizinə qədər olan Azərbaycan torpaqlarını
əhatə edirdi.
Manna bütün regionda baş verən hərbi-siyasi hadisələrdə yaxından iştirak
edir, Azərbaycan torpaqlarını ələ keçirməyə çalışan qüvvətli qonşularına -
Aşşur və Urartu dövlətlərinə qarşı uğurla mübarizə aparırdı. Aşşur və
Urartu təcavüzünə qarşı mübarizədə o zaman Azərbaycanda məskunlaşmış
iskitlər (skiflər) və kimmerlər də fəal iştirak edirdilər.
Manna hökmdarları irsi və qeyri-məhdud hakimiyyətə malik idilər. Lakin
buna baxmayaraq onlar ölkəni ağsaqqallar şurasının köməyi ilə idarə
edirdilər ki, bu da Azərbaycanın dövlət idarəçiliyi sahəsində qədim
məşvərət mədəniyyətinə malik olduğunu sübut edir.
Yurdumuzun cənub bölgələrində üç yüz ilə yaxın bir müddət ərzində davam
etmiş və qüdrətli qonşuların aramsız hücumlarına duruş gətirmiş Manna
Azərbaycanda ən qədim zamanlardan başlayaraq güclü dövlətçilik
ənənələrinin mövcud olduğunu sübut edən çox qiymətli tarixi faktdır.
Eramızdan əvvəl VIII əsrin sonu - VII əsrin əvvəllərindən başlayaraq
Azərbaycanın hərbi-siyasi tarixində kimmerlər və iskitlər, həmçinin
iskitlərlə eyni toplumdan olan saklar və massagetlər mühüm rol oynamağa
başladılar. Avrasiyanın qədim sakinləri olan və müxtəlif tarixi dövrlərdə
Baş Qafqazın cənub aşırımlarından və Dərbənd keçidindən cənuba axın edən
bu tayfalar Böyük Qafqazın cənub ətəklərində - Şimali Azərbaycan
torpaqlarında möhkəmləndikdən sonra buradan cənuba doğru - Manna ərazisinə
və Anadolunun şərqinə də yayılmışdılar.
Kimmer-İskit-Sak toplumunun tərkibində digər köklərdən olan tayfalarla
yanaşı güclü türk toplumları da vardı. "Tarixin atası" Herodotun (e.ə.V
əsr) öz şəxsi müşahidələrinə əsaslanan məlumatları da bunu sübut edir.
Herodotun yazdığına görə, iskitlər at südü ilə qidalanırdılar; iskitlərlə
qohum olan massagetlər də onlar kimi geyinir və onlarınkına bənzər həyat
sürürdülər. Onlar yeganə bir allaha - Günəş allahına sitayiş edir, göydə
sürətlə hərəkət edən Günəş allahına Yerdə ən sürətli canlıdan - atdan
qurban verirdilər.
İskitlər Mannadan şimaldakı Azərbaycan torpaqlarında qüdrətli İskit
şahlığı yaratmış, ölkə ərazisində vahid xalqın təşəkkül prosesində iştirak
etmişdilər. İskit-Massaget hökmdarları da Azərbaycan torpaqlarını yadelli
təcavüzlərində uğurla müdafiə etmişdilər.
Massaget şahlığı o dövrün ən qüdrətli imperiyalarından biri olan İran -
Əhəməni imperiyasını ağır məğlubiyyətə uğratmışdı. Yaxın və Orta Şərqdə
geniş işğallar həyata keçirmiş Əhəməni hökmdarı II Kir Azərbaycanın cənub
torpaqlarını zəbt etdikdən sonra ölkəmizin şimalını da ələ keçirməyə cəhd
göstərmiş və bu məqsədlə Massaget hökmdarının dul qadını Tomirisə izdivac
təklif etmişdi. Lakin II Kirin hiyləsini başa düşən, Vətən torpağının
şərəfini və ölkənin müstəqilliyini uca tutan Tomiris İran hökmdarının
təklifini rədd etmiş, Günəş allahına and içərək döyüşə atılmış, özündən
qat-qat güclü olan yadelli qoşunlarını e.ə. 530-cu ildə darmadağın
etmişdi. "Məğluğedilməz" Kirin özü də bu döyüşdə öldürülmüşdü. Midiya
imperiyası, Lidiya, Babilistan kimi qüdrətli dövlətləri aradan qaldıraraq,
Parfiya torpaqları da daxil olmaqla, Mərkəzi Asiyadan Misir hüdudlarına
qədər çox geniş əraziləri ələ keçirmiş və bütün bu işğallara görə "Böyük
Kir" ləqəbi qazanmış II Kir üzərində bu qələbə Azərbaycan dövlətçiliyi
tarixinin ən şanlı səhifələrindən biridir.
İskit şahlığı dövründə Azərbaycan mədəniyyəti ilə Avrasiyanın çox geniş
ərazilərində yayılmış iskit mədəniyyəti arasında qarşılıqlı əlaqə üçün də
əlverişli şərait yarandı.
Atropat
Qədim Azərbaycan mədəniyyəti daha da inkişaf etdi və zənginləşdi.
Arxeoloji qazıntılar zamanı aşkar olunmuş maddi mədəniyyət nümunələri,
habelə Azərbaycan ərazilərində İskit-Sak-Massaget dövründən qalmış çoxlu
yer adları buna parlaq sübutdur.
Yaxın və Orta Şərqdə çox mürəkkəb hərbi-siyasi hadisələrin cərəyan
etməsinə, qonşu dövlətlərin təbii sərvətlərlə çox zəngin olan və
hərbi-strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb edən Azərbaycan
torpaqlarını ələ keçirmək siyasətinə baxmayaraq dövlətçilik ənənələrimiz
davam etməkdə və zənginləşməkdə idi. Odur ki, nə Əhəməni-İran
imperiyasının uzunsüoən işğal rejimi, nə də Makedoniyalı İskəndərin
yürüşləri Azərbaycanın qədim dövlət idarəçiliyi mədəniyyəti məhv edə
bilmədi.
Makedoniyalı İskəndərin ölümündən dərhal sonra Azərbaycan dövlətçiliyi
yenidən dirçəldi. Ölkəmizin cənub torpaqlarında Atropatena, şimalında isə
Albaniya dövlətləri meydana gəldi. Azərbaycanın bütün tarixi torpaqları bu
iki yerli dövlətin tərkibində cəmləşdi.
Atropatena dövləti ölkənin cənub vilayətini əhatə edirdi. Burada müstəqil
Azərbaycan dövlətçiliyinin dirçəlişi əslində hələ İskəndərin yürüşündən
xeyli əvvəl baş vermişdi. Süquta uğramış keçmiş Midiya imperiyasının digər
əraziləri ilə birlikdə ayrıca satraplığa çevrilmiş Azərbaycanın cənub
torpaqlarını Əhəməni satrapı Atropat hələ Əhəmənilərin hakimiyyəti
dövründə müstəqil surətdə idarə edirdi. Azərbaycanın bu hissəsi o zaman
Midiya-Atropatena, Kiçik Midiya və Atropatın adı ilə Atropat Midiyası,
bəzən də Atropatiya və ya Atropatena adlanırdı.
Uzaqgörən siyasətçi və məşhur sərkərdə olan Atropat III Daranın İskəndərə
qarşı çıxardığı Əhəməni qoşunlarının ön dəstələrinə - əsas zərbə qüvvəsinə
başçılıq edidi. Bu qüvvələr əsasən Azərbaycanın şimal və cənub
torpaqlarından toplanmış hərbi dəstələrdən ibarət idi. III Daraya qalib
gəldikdən sonra Atropatın sərkərdəlik istedadına və hərbi-siyasi nüfuzuna
bələd olan İskəndər onunla toqquşmaq fikrindən daşındı və Azərbaycan
hakimi ilə yaxınlaşmağı daha üstün tutdu. Beləliklə, Makedoniyalı
İskəndərin işğalları Azərbaycan yan keçdi. Sonralar Atropat Makedoniya
hökmdarı ilə bu yaxınlaşmanı daha da dərinləşdirərək onun ən yaxın
adamlarından biri ilə qohumluq əlaqəsi yaratdı və nəhayət, bütün Şərqdə
ilk dəfə olaraq, öz yurdunu - Atropatenanı yunan-Makedoniya asılılığından
azad olmuş ilk müstəqil dövlətə çevirdi.
Müstəqil dövlətçilik ənənələrinin dirçəlişi Azərbaycanın cənub
rayonlarında iqtisadi və mədəni həyatın bütün sahələrində böyük yüksəlişə
səbəb oldu. Qüdrətli Atropatena dövləti bütün regionun beynəlxalq
münasibətlərində mühüm rol oynayır, Qafqaz, Volqaboyu, Orta Asiya,
Hindistan, Kiçik Asiya, Mesopotamiya, Qara dəniz və Aralıq dənizi
hövzələri ilə geniş ticarət əlaqələri saxlayırdı. Daxili ticarətdə
dövlətin öz pulları mühüm rol oynayırdı.
Şərq və yunan dövlət sistemləri arasındakı qarşılıqlı əlaqə və təsir
Atropatenada idarəçilik mədəniyyətinin də yüksəlişinə müsbət təsir
göstərirdi. Ölkədə yunan dilindən geniş istifadə olunması, başqa sahələrlə
yanaşı, hüquq normlarının da təkmilləşməsinə səbəb olurdu. Dövlət
idarəçiliyi qaydaları daha da təkmilləşirdi.
Azərbaycanın, həmçinin Qədim Şərqin və Yunanıstanın dövlət idarəçiliyi
ənənələrindən bəhrələnən Atropatena hökmdarları öz hakimiyyətlərini daha
da qüvvətləndirə bildilər. Nəticədə Atropatena Parfiya və Selevki
dövlətlərinə qarşı mübarizədə öz müstəqilliyini qoruyub saxlaya bildi,
ölkənin ərazisinə soxulmuş Roma qoşunlarını parfiyalılarla birləşərək
darmadağın etdi. O zaman Atropatena qoşunları bütün regionda ən güclü
şərbi qüvvələrdən biri hesab olunurdu. Roma təcavüzkarları ilə döyüşə
Atropatena 40 min piyada və 10 min suvari çıxarmışdı.
Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan Atropatena dövləti
ilə Roma imperiyası arasında geniş əlaqələr yaranmışdı. Roma imperiyası
özünün şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi. Atropatena
elçiləri Romaya gedib imperator Oktavian Avqustla (e.ə. 27 - eramızın
14-cü illərri) diplomatik danışıqlar aparmışdılar. Roma imperatoru Kiçik
Asiyadakı qonşu erməni çarlığının idarə olunmasını da Atropatena
hökmadarlarına tapşırmışdı. Atropatenanın hərbi-siyasi qüdrətindən ehtiyat
edən erməni çarları bu dövlətlə münasibətləri pozmağa çalışırdılar. Bu
məqsədlə də hələ eməni çarı Tiqran öz qızını Atropatena hökmdarı Mitridata
vermişdi. Sonralar erməni çarlığı Atropatenadan asılı hala düşmüş və
Atropatena hökmdarları tərəfindən idarə olunmuşdu.
Ölkənin şimalında meydana gələn Albaniya dövlətinin sərhədləri Dağıstanın
cənubu (Dərbənd və ətrafları ilə birlikdə) da daxil olmaqla Baş Qafqaz
dağlarından başlayaraq cənubda - Araz çayına qədər, qərbdə isə Göyçə gölü
hövzəsi, Qabırrı (İori) və Qanıx (Alazan) çaylarının yuxarılarından
başlayaraq şərqə doğru - Xəzər dənizinədək uzanıb gedən Azərbaycan
torpaqlarını əhatə edirdi. Bu qüdrətli Azərbaycan dövlətinin paytaxtı
əvvəllər Qəbələ, sonra isə Bərdə (V əsrdən sonra) şəhərləri idi.
Albaniya dövründə Azərbaycanın şimal torpaqlarında maddi və mənəvi
mədəniyyət daha da inkişaf etmişdi. Bu dövrdə elmi ədəbiyyatda alban
əlifbası adlanan Azərbaycan əlifbası yaradılmış, məktəblər açılmışdı.
Ölkədə mühüm ticarət və sənətkarlıq mərkəzi olan 30-dan çox şəhər vardı.
Şimalla Cənubun, Şərqlə Qərbin qovşağında yerləşən və müxtəlif etnosların,
dinlərin, mədəniyyətlərin qarşılaşıb təmasa girdiyi Albaniyada özünəməxsus
və zəngin mədəniyyət formalaşmaqda idi.
Ölkədə yaşayan və sayları getdiycə atmaqda olan türk etnosları dövlətin
həyatında mühüm rol oynamışdır. Aya, Göyə, Günəşə, tək Allaha - Tanrıya
sitayişlə yanaşı xristianlıq da yayılmaqda idi. Müstəqil Alban kilsəsi
dini cəhətdən birbaşa Romaya tabe idi.
Albaniya dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da
yüksəlmişdi. Alban hökmdarları ölkənin dünyəvi və dini başçısı idilər.
Onlar, eyni zamanda, qanunlar verir, ölkənin hərbi qüvvələrinə başçılıq
edirdilər. Dövlətin hərbi qüvvələri 80 min nəfəri (60 min piyada, 22 min
süvari) aşmışdı.
Albaniya hökmadarlarının sarayında məşvərət şurası fəaliyyət göstərirdi.
Cavanşir
Məşvərət şurasına və ruhani yığıncaqlarına Albaniya hökmdarlarının özləri
rəhbərlik edirdilər. Atropatena kimi Albaniya dövlətinin də öz pulları
vardı. Öz dövrü üçün möhkəm və təkmil dövlət idarəçiliyi sisteminə malik
olan Albaniya dövləti ölkənin müstəqilliyi üçün təhlükə törədən Parfiyaya
və Roma imperiyasına qarşı uğurla mübarizə aparmışdı. Ölkəyə müdaxilə edən
Roma imperiyasının qoşunları Alban cəngavərləri tərəfindən dəfələrlə ağır
məğlubiyyətə uğradılmışdı. Roma imperiyası Albaniyanın hərbi-siyasi
qüdrəti ilə hesablaşmağa məcbur olmuş, iki ölkə arasında qarşılıqlı
əlaqələr yaranmışdı. Atropatena kimi Albaniya elçiləri də Romaya gedib
imperator Oktavian Avqustla danışıqlar aparmışdılar.
Ölkə başqa dövlətlərlə də geniş ticarət əlaqələrinə və siyasi
münasibətlərə malik idi.
Albaniya hökmdarı, görkəmli dövlət xadimi Cavanşir ölkəni ələ keçirməyə
çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi qüdrətli
qonşulara qarşı müdrik, uzaqgörən və çevik xarici siyasət yeritmiş, özünün
sərkərdəlik məharəti və döyüş şücaəti ilə Vətənin müstəqilliyini qoruyub
saxlaya bilmşdi.
Babək
Yaxın və Orta Şərqdə mühüm hərbi-siyasi və mədəni təsir gücünə, region
ölkələri ilə sıx qarşılıqlı münasibətlərə malik olan Albaniya Aralıq
dənizi hövzəsi ölkələri ilə, o cümlədən Roma imperiyası ilə də geniş
əlaqələr saxlayırdı. İlk mənbələr, o cümlədən arxeoloji qazıntılar zamanı
aşkar olunmuş zəngin maddi mədəniyyət nümunələri Albaniya dövründə
Azərbaycanın şimal torpaqlarının xarici ölkələrlə geniş əlaqələr
saxladığını sübut edir. Yaxın və Orta Şərq ölkələrini Xəzər xaqanlığı və
Şərqi Avropa ilə birləşdirən beynəlxalq yollarının Albaniyadan keçməsi
ölkənin xarici ticarət əlaqələrinə müsbət təsir göstərirdi.
Eramızın əvvəllərində ölkəmiz öz tarixinin ən ağır sınaq dövrlərindən biri
ilə qarşılaşdı: III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə
isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın
içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.
Gəlmə əhali mühüm hərbi-strateji əhəmiyyətə malik olan məntəqələrdə və ən
məhsuldar torpaqlarda yerləşdirildi. Onlara geniş imtiyazlar verildi.
Yadellilər Azərbaycanın yerli əhalisini əridib yox etmək siyasəti
yeritməyə başladılar. Lakin, təqribən 600 il davam etmiş İran və ərəb
zülmü Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi.
Dözülməz işğal rejimi və təqiblər şəraitində Azərbaycan xalqının təşəkkülü
prosesi davam etdi.
İşğalçıların yerli əhalini assimilyasiyaya uğratmaq siyasətinə baxmayaraq,
uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyanın
tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili
əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və
cənub, şərq və qərb bölgələri arasında etnik-siyasi və mədəni birliyin
yaranması yolunda mühüm irəliləyiş baş verdi. İran və ərəb işğalçılarına
qarşı uzun sürən birgə qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Vahid
xalqın yaranması prosesi sürətləndi.
Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və
hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları
vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları
içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.
İlk oğuzlar, başqa türk tayfaları kimi, ümumtürk məkanının tərkib hissəsi
olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədim türklərin
"Dəmir qapı" adlandırdıqları Dərbənd keçidi vasitəsilə, habelə Böyük
Qafqazın başqa dağ aşırımlarından (Azərbaycan Respublikasının Qax
rayonundakı dağ aşırımlarından birini yerli əhali indi də Hun beli
adlandırır - Y.M.) keçərək yayılmışdılar.Oğuz müqəddəs Dədə Qorqudun
qəbrinin Dərbənddə olması barədə ilk mənbələrin məlumatı, Dərbəndin qala
qapılarından birinin Dədə Qorqudun mənsub olduğu Bayat elinin (oğuz
tayfası bayatların) adı ilə "Bayat qapısı" adlanması bunu sübut edir.
Avrasiyanın geniş ərazilərində məskunlaşmış qədim türklər, o cümlədən
oğuzlar ümumtürk məkanının şimalı ilə cənuunu, yəni Qıpçaq düzü ilə Cənubi
Qafqazı əlaqələndirən bu mühüm keçidi - "Dəmir qapı"nı daim əllərində
saxlamağa çalışırdılar.
Başqa ilk mənbələrlə yanaşı, Oğuz türklərindən olan ağqoyunluların ən
qüdrətli hökmdarı Uzun Həsənin (1454-1478) hökmü ilə Əbu Bəkr əl-Tehrani
əl-İsfahaninin yazdığı "Kitabi-Diyarbəkriyyə" adlanan oğuznamədə verilən
faktlar da oğuz türklərinin, o cümlədən xalqımızın soykökündə duran
ağqoyunlu və qaraqoyunluların Azərbaycanın, həmçinin bütövlükdə Cənubi
Qafqazın və Ön Asiyanın ən qədim sakinlərindən biri olduğunu sübut edir.
Göstərilən müəllif Uzun Həsənin böyük babası - Ağqoyunlu dövlətinin banisi
Qara Yuluk Osman bəyin nəsil şəcərəsini bir-bir araşdıraraq, nəhayət, Oğuz
xaqana çatdırır. Oğuz xaqanın başçılıq etdiyi böyük türk dövlətinin
tərkibinə daxil olan əraziləri sadalayır və bütün oğuz türklərinin kökündə
duran bu böyük hökmdarın, yəni Oğuz xaqanın Göyçə dənizi ətrafında vəfat
etdiyini göstərir. Azərbaycanın Oğuz xaqanın başçılıq etdiyi dövlətin
tərkibinə daxil olması və böyük xaqanın özünün də burada - Göyçə dənizi
ətrafında vəfat etməsi faktı bu diyarın ən qədim oğuz-türk məskənlərindən
biri olduğunu sübut edir.
Dədə Qorqud
"Kitabi-Diyabəkriyyə"nin müəllifi Oğuzun nəvəsi Xanlar xanıBayandır
xaqanında "Qarabağ qışlağı və Göyçə dənizi yaylaqlarında ömür sürdüyünü",
burada "böyük bir qurultay çağırıb, məmələkəti oğlanları arasında
qabiliyyətlərinə görə bölüşdürdükdən sonra Allahın dəvətini qəbul
etdiyini" yazır. Əbu Bəkr əl-Tehrani əl-İsfahani təsdiq edirdi ki,
ağqoyunlu Qara Yuluk Osman bəyin 20-ci babası Sunqur bəy Məhəmməd
peyğəmbərin müasiri idi. O, Alagöz və Göyçə dənizi yaylaqları tərəfdəki
sərhədlərdə "kafirlərlə müharibə etmiş" və döyüşlərdən birində həlak
olmuşdu. Qara Yuluk Osman bəyin 14-cü babası Şəktur xan isə Əlincə qalası
uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş, onu "kafirlərin" əlindən geri
almışdı. Xəlifə Harun ər-Rəşidin müasiri olan Qıpçaq xan da Əlincə qalası
uğrunda "kafirlər"lə müharibələr aparmış, onları məğlubiyyətə uğradaraq
qalanı azad etmişdi.
"Kitabi-Dədə Qorqud" boyları ilə səsləşən, Məhəmməd peyğəmbərin dövründə
və Xilafət işğalları zamanı cərəyan etmiş hadisələrlə üst-üstə düşən bütün
bu faktlar tarixi reallıq olmaqla yanaşı, eyni zamanda, Azərbaycanın öz
güclü dövlətçilik və müstəqillik ənənələrini qoruyub çaxladığını da sübut
edir.
Türk tayfaları, başqa xalqlar və etnik qruplardan fərqli olaraq,
Azərbaycanın bütün ərazisinə - həm şimalına, həm də cənubuna yayılmışdılar
və çoxluq təşkil edirdilər. Buna görə də, eramızın ilk yüzilliklərindən
başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan
xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə
idi. Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici
rol oynayırdı. Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox
mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini
əhatə edən vahid dini görüş - təkallahlı din yox idi. Qədim türklərin baş
Allahı olan Tanrıya sitayiş - tanrıçılıq hələ başqa dini görüşləri
sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik,
Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə
idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən
dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi. Lakin müstəqil Alban
kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində
fəaliyyət göstərirdi.
Bu mürəkkəb tarixi şəraitdə güclü və aparıcı hərbi-siyasi qüvvəyə çevrilən
çoxsaylı türk etnosları Azərbaycan dövlətçiliyinin əsas daşıyıcıları
idilər. Hələ vahid təkallahlı Dinin olmadığı bir dövrdə məhz türk
etnosları və türk dili, şimallı-cənblu, bütün ölkə ərazisində birləşdirici
rol oynayırdı. Türk etnosları Azərbaycan dövlətçiliyinin və ölkənin
müstəqillik ənənələrinin qorunub saxlanmasında da aparıcı rol
oynayırdılar.
|